Məktəbimiz
İsrail Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəb rayonun ən qədim təhsil ocaqlarından biridir. Təlim azərbaycan və rus dillərində aparılan bu tədris müəssisəsində 1100 nəfərə yaxın şagird təhsil alır. İkimərtəbəli binası olan bu məktəbdə 62 sinif otağı, bir idman zalı, bir akt zalı, bir böyük kitabxana və 6 komputer mərkəzi fəaliyyət göstərir. Məktəb sürətli internet şəbəkəsinə qoşulub və müəllimlər təlim zamanı internetdən istifadə edərək dərslərini İKT-nin tələbləri səviyyəsində qururlar. Gənc nəslin təlim-tərbiyəsi ilə 145 müəllim məşğul olur. Kollektivdə 3 əməkdar müəllim Şəfaqət Rəsulov, Mirvari Musayeva və İzhar Kazımov, bir tərəqqi medalı laureatı A.İsgəndərova, N.K.Krupskaya mükafatı laureatı, respublika təhsil əlaçısı X.Ağayev, bir filologiya elmləri namizədi Sevda Qasımova, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri Şükufə Nəcəfova və Ülviyyə Tahirova, Pərvanə Piriyeva, Ruhiyyə Mahmudova çalışır. Məktəbimiz 2 dəfə Azərbaycan Prezidentinin sərəncamı ilə keçirilən "Ən yaxşı məktəb" müsabiqəsinin qalibi olmuşdur. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəlimi Bahar Abdullayeva AR Təhsil Nazirliyinin keçirdiyi "Bir şagird: Bir kompüter" müsabiqəsinin qalibidir. Məktəbin özünəməxsus salnaməsi, çoxsaylı uğurları, müxtəlif sahələrdə çalışan yetirmələri var. İREX təşkilatının FLEX proqramı ilə ABŞ-ın Vermond ştatında təhsil almış və indi də təhsilini orada davam etdirən Səadət Atakişiyeva, OHİO ştatında təhsil alan və indi Avstraliyada təhsilini davam etdirən Cəmilə Paşayeva, Project Harmony təşkilatının xətti ilə ABŞ-ın müxtəlif ştatlarında təhsil alan şagirdləri Səlcuq Süleymanlı məktəbin yetirmələrindəndir. Hər il şagirdlərimiz müxtəlif fənlər üzrə olimpiadalarda iştirak edirlər və qalibiyyətlər qazanırlar.
Tədris ocağı həm də elmi araşdırmalar mərkəzi kimi fəaliyyət göstərir. Azərbaycan Təhsil Nazirliyi və Milli Elmlər Akademiyasının qərarı ilə Məktəb Kiçik Akademiyasının Resurs Mərkəzi yaradılıb. Mərkəzdə “Azərbaycandakı ağac bitkilərinin müxtəlifliyi ensiklopediyası”, “Dərman bitkiləri”, “Vitaminlər və orqanizm” mövzularında tədqiqatlar aparılır. Kiçik Akademiyaya rəhbərlik edən Gülzar Asvarova rayonun aparıcı coğrafiya müəllimlərindəndir. Akademiyanın araşdırmaları ilə İsmayıllı şəhər 1 saylı məktəbin KA araşdırmaları saytında tanış ola bilərsiniz. Məktəbin müəllimlərı hər il müxtəlif yaş qrupunu əhatə edən çoxsaylı beynəlxalq layihələrdə iştirak edirlər. İREX, İEARN, AzETA və British Council layihələri şagirdlərin ən çox faydalandığı və ingilis dili biliklərini inkişaf etdirmək üçün uğurlu vasitələrdir.
English Global Products layihəsinin son mərhələsi olaraq 1 saylı məktəbin direktoru Şəfaqət Rəsulov, İsmayıllı EGP layihəsinin təlimçisi Ruhiyyə Mahmudova və EGP şagirdi Şaiq Xalıqlı İctimai kanalda yayımlanan "Açıq Dərs" verilişində. 8 May 2012
24 Aprel 2013